Nəqliyyat eksperti Masazır–Saray–Novxanı avtomobil yolundakı yeni radardan danışıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Elməddin Muradlı bildirib ki, müasir texnologiyalar qayda pozuntularının daha real və operativ formada aşkarlanmasına gətirib çıxarır. Sürücülər də qurğuları aşkar şəkildə görərək təhlükəni hiss edirlər:
“Ola bilsin, bu da test rejimində çalışır. Ancaq yaxşı nəticə versə, geniş yayılacaq”.
Ekspertin sözlərinə görə, bu cihazın “gülən” və “üzgün” smaylikləri sürücülərə təsir göstərəcək:
“Sürücü qaydanı pozursa, tabloda neqativ “smayl” görəcək və qaydanı pozduğunu, cərimələnəcəyini biləcək. Çünki radar funksiyası mərkəzi informasiya sisteminə birləşib. Elektron qərar formasında cərimə tətbiq olunur və sürücüyə də elektron qaydada məlumat ötürülür. SMS vasitəsilə də bildiriş gəlir”.
Muradlı qeyd edib ki, sürücü sadəcə “smayl”ı görüb keçib getməməlidir. Getsə də, bilməlidir ki, cərimə gələcək:
“Sadəcə radar vizual şəkildə də cərimə bildirişini göstərir ki, artıq sən cəzalandın. Sürət həddinə əməl edən sürücüyə də xoş təbbəsüm göstərməklə təşəkkür edir ki, “qayda pozmadınız” və s. Bizdə də bu cür yanaşmalar olur. Həmişə nümunəvi sürücülərə təşəkkürümüzü bildiririk”.