Sumqayıt şəhər 31 nömrəli məktəbində “Sevimli nağıl qəhrəmanlarımız” adlı nağıl saatı keçirilib. Bu haqda 7 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Uşaq kitabxanasının əməkdaşları tərəfindən icma əsaslı məktəbəqədər təhsil qrupunda təşkil olunub. Kitabxananın multimedia üzrə baş mütəxəssisi Leyla Mahmudova uşaqlara Cırtdanın qoçaqlığından, Göyçək Fatmanın mehribanlığından, Tıq-tıq xanımın dostluğundan, Məlikməmmədin qəhrəmanlığından danışıb. Sonra balacaların istəyi ilə o, “Tülkü və canavar”, “Maşa və ayı”, “Kəndli və ilan” nağıllarını oxuyub, onları sorğu-sual edib.
Balacaların görüşünə kukla teatrı ilə gələn Leyla Mahmudova “Qırmızıpapaq” nağılı əsasında hazırladığı tamaşanı da nümayiş etdirib.