Mövsümün əvvəlindən etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə yaranan problemlər "Sumqayıt" klubunu ev oyunlarını başqa arenada keçirməyə məcbur edib.
Artıq noyabr ayı olsa da, komanda yaydan bəri rəqiblərini doğma stadionunda qəbul etməyib. "Sumqayıt" ev oyunlarını bu müddət ərzində "SOCAR Polymer Arena"da keçirib.
Stadionun hazırkı vəziyyətini dəqiqləşdirmək məqsədilə klubla əlaqə saxladıq. "Sumqayıt" FK-nın mətbuat katibi Zaur Xudiyev Sumqayit24.az-a açıqlamasında ot örtüyünün hazırda normal vəziyyətdə olduğunu bildirib:
"Hazırda ot örtüyü normal görünür. Əgər yenidən hər hansı fors-major hal baş verməsə, ümid edirik ki, "Sabah"la oyunumuzu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyik".
Beləliklə, hər hansı gözlənilməz problem yaranmasa, "Sumqayıt" mövsümdə ilk dəfə doğma stadionunda azarkeşləri önünə çıxa bilər.