“Sabah” və “Sumqayıt” ölkə çempionatları tarixində 20-ci dəfə qarşılaşacaq. Sumqayıt24 bu haqda 21 oktyabr tarixində xəbər verir.
Matç Azərbaycan Premyer Liqasının 10-cu turuna təsadüf edir. Yubiley görüşü ərəfəsində bakılılar üstünlüyə malikdirlər. Onların rəqabəti 2018-ci ildə başlayıb. Paytaxt təmsilçisi hesabına 10 dəfə 3 xalı yazdırıbsa, “Sumqayıt”ın 6 uğurlu matçı var. Üç qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu oyunlarda “Sabah” 37, “kimyaçılar” 19 dəfə fərqlənib.
Komandalar arasında çempionatda keçirilən son 4 matçın hamısını bakılılar böyük hesabla qazanıblar. Ümumiyyətlə, “Sumqayıt” son 7 dueldə qələbə görməyib. Futbolçularımız 2021-ci ilin avqustundan bəri tilsimi qıra bilməyiblər.
Bu, həm də tərəflərin Bakıdakı 10-cu qarşılaşması olacaq. “Sabah”ın indiyə qədər meydan sahibi olduğu oyunlarda klublar hərəyə 3 qalibiyyət əldə ediblər, 3 matçda isə bərabərlik qeydə alınıb.
Qeyd edək ki, matç 21 oktyabr saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.