Dörd il əvvəl Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək 4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyev məntəqə tipli cəzaçəkmə müəssisəsindən də azad olmaq istəyir.
Qafqazinfo.az-ın məlumatına görə, “Əlincə” futbol klubunun prezidenti E.Kəlbəliyev artıq Xəzər Rayon Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, 4 nəfərin ölüm işində təqsirli bilinən Kəlbəliyev cəmi 2 il ümumi rejimli həbsxanada qalıb. Ondan sonra həbs müddəti 5 ilə endirilib, cəzaçəkmə yeri yüngülləşdirilib. Prokuror həmin qərardan protest versə də, məhkəmə öz qərarını dəyişməyib.
Keçmiş iş adamı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün müəyyən vaxtlarda azadlıqda qala bilir. İndi isə qalan 1 il 4 aylıq cəzasını da şərti çəkmək istəyir. Böyük ehtimal, gələn həftə hakim qərarını açıqlayacaq.
Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.