Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərarla müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verildi.
AXC hökuməti tərəfindən ilk öncə 25 min, daha sonra 40 min nəfərlik ordu yaratmaq məqsədi qoyulmuşdur. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ordu quruculuğu prosesi dayandı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi.
Ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.