Ümummilli lider Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini bitirə bilməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, daha sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində çalışıb. 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləməyə başlayıb.
Bir müddət keçdikdə Əliyev Sankt-Peterburqdakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə indiki BDU-nun tarix fakültəsini bitirib. 1958-1967-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində işləyib.
Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1970-ci illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetində, sonra isə SSRİ Nazirlər Sovetində çalışıb.
Əliyev 1987-ci ildə sovet hökumətinin siyasətinə etiraz edib və tutduğu vəzifələrdən istefa verib.
1990-cı ildə Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, 24 iyun isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 3 oktyabr 1993-cü ildə və 11 oktyabr 1998-ci ildə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.
12 dekabr 2003-cü ildə ümummilli lider Heydər Əliyev ABŞ-nin Klivlend Klinikasında vəfat edib. 15 dekabr tarixində Bakı şəhərindəki Fəxri xiyabanda dəfn olunub.
29 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalanıb.