İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və Türkiyənin Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sumqayit24.az xəbər verir ki, sənədi qurumun İdarə Heyəti (İH) sədrinin müavini Aqil Əzizov və Sənaye Zonasının İH-nin sədri Bekir Sütçü imzalayıb.
Bildirilib ki, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycana səfər edən Sənaye Zonasının nümayəndələri ilə Agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib. Görüşdə sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Memoranduma uyğun olaraq, sənaye müəssisələri və investorlar arasında B2B əlaqələrin genişləndirilməsi, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Sənaye Zonasının nümayəndələri Parkda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.