Ceyranbatanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mülki müdafiə məşqi təşkil olunub. Bu haqda 20 may tarixində Sumqayıt24 “Azərsu” ASC-yə istinadən xəbər verir.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” adlı təlim Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində baş tutub. Burada mülki müdafiə üzrə rəhbər, komandir-rəis heyətləri, şəxsi heyət olmaqla ümumilikdə 70 nəfər cəlb olunub.
Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetirib.
Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.