İmtahanlarda buraxılış rejimini aparacaq sumqayıtlı qadın əməkdaşları seçmək üçün müsahibə keçiriləcək. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.
Sözügedən müsahibə və təlimlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunur və bu gün, 10 yanvar tarixindən etibarən başlayır.
Sumqayıt və Bakı şəhərlərindən, eləcə də Abşeron rayonundan olan namizədlər üçün müsahibələr DİM-in inzibati binasında (Həsən Əliyev küçəsi, 299) təşkil olunacaq. Müsahibənin günü və saatı namizədə elektron anketdə daxil etdiyi poçt və ya nömrə vasitəsilə bildiriləcək.
Müsahibəyə gələn şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Şəxsiyyət vəsiqəsi və surəti;
2) “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında elektron anketi təsdiq etdikdən sonra çap edilərək imzalanmalıdır);
3) İş yerindən arayış (olduğu halda);
4) Bank rekvizitləri (A4 ölçülü vərəqdə çap olunmuş formada);
5) Təhsil haqqında sənədin əsli və surəti (namizədin təhsil haqqında məlumatı “Tələbə-məzun” elektron məlumat bazasında olmadıqda tələb olunur);
6) “COVID-19” vaksin pasportu və ya immunitet sertifikatı.
Təqdim edilmiş məlumatlar yoxlanılacaq. Uyğunsuzluq aşkar edildikdə isə namizədin müraciəti ləğv olunacaq.
Müsahibəni uğurla başa vuran şəxslər ödənişsiz təlimə cəlb olunacaq.