Mərkəzi Uşaq Kitabxanasında Aprel döyüşlərinin iştirakçısı olan Vətən müharibəsi şəhidi, kəşfiyyatçı Romir Əliyevin xatirə günü keçirilib. Sumqayıt24 bu haqda 7 mart tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
“Qələbə tarixini yazan qəhrəman” adlı tədbirdə 1 nömrəli məktəbin şagird və müəllim heyəti iştirak edib. Kitabxananın baş mütəxəssisi Səbinə Qasımova şəhidimizin qısa, ancaq şərəfli
həyat yolu, qəhrəmanlıqlarla dolu döyüş yolu haqqında məlumat verib. O, iştirakçıları illər öncə Mərkəzi Uşaq Kitabxanasının oxucusu olan Romirin şəxsi əşyalarından, şəkillərindən və haqqında yazılan kitablardan ibarət sərgi ilə də tanış edib.
Tədbirdə iştirak edən şəhidin atası Rəşadət Əliyev, anası Miraslava Əliyeva oğulları ilə bağlı xatirələrindən, göstərdiyi igidlikdən danışıblar. Vətən müharibəsində könüllü əsgər olaraq iştirak edən döyüş yoldaşları Ağasəlim Camalov, Elşad Bağırov, Şükür Ramazanov onun vətən sevgisindən, insani keyfiyyətlərindən, döyüşlərdə göstərdiyi şücaətlərdən söz açıblar.
Sonda 1 nömrəli məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompozisiya, şeir və mahnılar ifa ediblər.