Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycanda dövlət müstəqilliyinin bərpası və ölkənin siyasi, sosial-iqtisadi, mədəni inkişafı” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib. Bu haqda 13 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 iliyinə həsr olunan tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Estoniya, Ukrayna, Almaniya və Qazaxıstanın aparıcı universitet alimləri iştirak ediblər.
Konfransın plenar iclasını giriş sözü ilə açan SDU-nun prorektoru, professor Ramazan Məmmədov qonaqları və iştirakçıları salamlayıb, konfransın əhəmiyyətindən bəhs edib. Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Sonra SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarıdır” mövzusunda geniş məruzə edib. Bildirilib ki, konfransın gündəliyinə 182 məruzə daxil edilib. Konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəkdir.