Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndəsi Sumqayıt Dövlət Universitetində olub. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
Təhsil Tələbə Kreditinin universitet üzrə məsul şəxsi, Tədris-Metodik Mərkəzin Tədris bölməsinin müdiri Sabir Behbudov təhsillə bağlı layihə və proqramlardan, təhsil tələbə kreditlərinin yaratdığı imkanlardan danışıb.
Fondun Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova tələbələrə təhsil tələbə kreditlərinin verilməsi meyarları, müraciət qaydaları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər haqqında zəruri informasiya verib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.
Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.