SDU rektoru professor Nurəli Yusifbəyli süni intellekt resurslarından istifadə ilə bağlı tələbələrə müraciət edib.
Sumqayit24.az müraciəti təqdim edir:
"Əziz tələbələr!
Süni intellektdən (AI) istifadə ilə bağlı sizə müraciət edərkən ilk növbədə bir məqamı vurğulamaq istəyirəm ki, süni intellekt artıq dövrümüzün texnoloji yeniliyi olmaqla, təhsil, elmi tədqiqat və peşəkar fəaliyyət proseslərinə inteqrasiya olunan funksional alət və yaxın perspektivdə agentdir. Buna görə əsas məqsədimiz bu texnologiyadan səmərəli, təhlükəsiz və etik şəkildə istifadə etməyi öyrənməkdir.
Hazırda geniş istifadə olunan generativ AI sistemlərinin əksər hissəsi böyük dil modelləri əsasında işləyir. Bu modellər təqdim olunan sorğuya cavab verərkən məlumatın doğruluğunu müəyyənləşdirmir, statistik ehtimallar əsasında uyğun mətn formalaşdırır. Bu səbəbdən onların yaratdığı cavablar məntiqi və inandırıcı görünsə də, faktoloji səhvlər, mövcud olmayan mənbələr və yanlış nəticələri özündə ehtiva edə bilər. Bu hal texniki ədəbiyyatda "hallüsinasiya" adlandırılır.
Ona görə də nəzərə alın ki, AI sisteminin təqdim etdiyi nəticə hazır və etibarlı elmi məlumat kimi qəbul edilməməlidir. Hər bir fakt ilkin mənbə, elmi məqalə, dərslik, rəsmi məlumat bazası və ya digər etibarlı resurs vasitəsilə yoxlanılmalıdır. AI elmi mənbənin özü deyil, o məlumatın axtarılması, strukturlaşdırılması və təhlilinə kömək edən vasitədir.
AI-dan istifadə zamanı növbəti əsas prinsiplərə əməl etməyinizi vacib hesab edirəm.
Birinci prinsip məqsədyönlü istifadədir. AI-dan mövzunun izahı, ideyaların sistemləşdirilməsi, tədqiqat suallarının formalaşdırılması, məlumatların ilkin təhlili, mətnin dil və struktur baxımından təkmilləşdirilməsi, proqram kodunun yoxlanılması və fərqli yanaşmaların müqayisəsi üçün istifadə edə bilərsiniz. Lakin o, sizin müstəqil araşdırmanızı, analitik düşüncənizi və şəxsi mövqeyinizi əvəz etməməlidir.
İkinci prinsip nəticələrin verifikasiyasıdır. AI tərəfindən yaradılmış faktlar, hesablamalar, statistik göstəricilər, istinadlar, proqram kodları və elmi nəticələr yoxlanılmadan istifadə edilməməlidir. Riyazi hesablamalar yenidən aparılmalı, proqram kodu test edilməli, istinadların həqiqətən mövcud olub-olmadığı müəyyənləşdirilməli, elmi iddialar isə müvafiq mənbələrlə təsdiqlənməlidir.
Üçüncü prinsip şəffaflıq və akademik dürüstlükdür. AI vasitəsilə tam və ya qismən hazırlanmış materialın tələbənin müstəqil işi kimi təqdim olunması akademik dürüstlük prinsipləri ilə ziddiyyət təşkil edə bilər. Buna görə tapşırığın şərtlərinə və müəllimin tələblərinə uyğun olaraq süni intellektdən hansı mərhələdə və hansı məqsədlə istifadə etdiyiniz göstərilməlidir.
Dördüncü prinsip məlumat təhlükəsizliyidir. AI platformalarına daxil edilən məlumatlar xarici serverlərdə emal oluna və müəyyən müddət saxlanıla bilər. Bu səbəbdən şəxsiyyət vəsiqəsi məlumatları, parollar, əlaqə vasitələri, qiymətləndirmə materialları, imtahan sualları, müəllif icazəsi olmayan sənədlər, dərc edilməmiş tədqiqat nəticələri, universitetə aid məxfi informasiya və üçüncü şəxslərin fərdi məlumatları belə sistemlərə daxil edilməməlidir.
Beşinci prinsip etik və tənqidi yanaşmadır. AI modelləri öyrədildikləri məlumat bazalarında mövcud olan stereotip və qeyri-obyektiv yanaşmaları təkrar edə bilər. Bu baxımdan, yaradılmış nəticələr sosial, mədəni, hüquqi və etik aspektlərdən qiymətləndirilməli, ayrı-seçkilik yarada biləcək və ya insan hüquqlarına zidd məzmunlardan istifadə edilməməlidir.
Altıncı prinsip insan nəzarətinin qorunmasıdır. Süni intellektin təqdim etdiyi nəticəyə görə məsuliyyət nəticədən istifadə edən şəxsin üzərində qalır. Tələbə təqdim etdiyi mətnin, hesablamanın, kodun, layihənin və elmi nəticənin məzmununu anlamalı, izah etməli və əsaslandıra bilməlidir.
Xüsusilə mühəndislik, proqramlaşdırma və elmi tədqiqat sahələrində AI-dan alınan nəticələr əlavə yoxlama tələb edir. Proqram kodu funksionallıq, informasiya təhlükəsizliyi və müəllif hüquqları baxımından test edilməli, mühəndislik hesablamaları müvafiq standartlar və texniki normalarla müqayisə olunmalı, elmi nəticələr isə metodoloji əsaslandırma və təkrar yoxlama prosesindən keçirilməlidir.
Əziz gənclər!
AI savadlılığı yalnız düzgün sorğu, yəni "prompt" yazmaq bacarığı ilə məhdudlaşmır. Bura istifadə olunan modelin imkanlarını və məhdudiyyətlərini anlamaq, nəticələri verifikasiya etmək, məlumat təhlükəsizliyini qorumaq, etik riskləri qiymətləndirmək və yekun qərar üzərində insan nəzarətini saxlamaq daxildir.
AI sizin akademik fəaliyyətinizdə köməkçi vasitə ola bilər, ancaq müəllif, tədqiqatçı və qərarverici yenə də siz olmalısınız.
Siz texnologiyanın təqdim etdiyi nəticəni sadəcə qəbul etməklə kifayətlənməyin, mütəxəssis kimi onu yoxlayın, təhlil edin və təkmilləşdirin.
AI istifadəçisi olmaqla yanaşı, onun necə işlədiyini anlayan, məhdudiyyətlərini nəzərə alan və nəticələrinə görə məsuliyyət daşıyan şəxslər olun.
Sizin ən böyük üstünlüyünüz texnologiyaya sahib olmaqla yanaşı, ondan dürüst və məsuliyyətlə istifadə etməyiniz olacaq.