Sumqayıt avtovağzalına daxil olarkən tələb olunan ödənişlə bağlı açıqlama verilib. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Belə ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili, hüquqşünas Elşad İsayevin sözlərinə görə, həmin ödənişlər qanunsuz və əsassızdır. Fiziki şəxslər tərəfindən vətəndaşlardan bu cür ödənişlərin tələb olunmasının heç bir hüquqi əsası yoxdur.
Qeyd edək ki, avtovağzala giriş zamanı nəqliyyat vasitələrindən 50 qəpik məbləğində vəsait alınır. Bu isə avtomobili olan şəhər sakinlərinin narazılığına səbəb olub.
Bununla bağlı avtovağzalın müdiri Şamil Abbasov da açıqlama verib. O, avtovağzalın da tərkibində olduğu "İNTER-TRANS" MMC-nin özünə məxsus olduğunu bildirib. Şamil Abbasov qeyd edib ki, 2 il sərt karantin dönəmində avtovağzal bağlı qalıb. Bu səbəbdən kifayət qədər vergi ödənişi yığılıb. Həmçinin, avtovağzalın təmirə ehtiyacı var. Bütün bu problemləri həll etmək üçün də dayanacaqlarda pul yığılır.