Bu gün, 4 yanvar tarixində şəhid leytenant Anar Qorçuyevin doğum günüdür. Onun 35 yaşı tamam olacaqdır.
Anar Qorçuyev Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. Qubadlı rayonu işğal olunandan sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşamağa başladılar. 2005-2009-cu illərdə Azərbaycan Universitetində ali təhsil alıb. 2009-2010-cu illərdə Anar müddətli həqiqi hərbi xidmətdə olub.
Qorçuyev Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 7 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Leytenant "Vətən uğrunda", "Cəbrayılın və Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qorçuyev ailəli idi. Üç yaşlı bir qızı və ölümündən sonra dünyaya gələn bir övladı yadigar qaldı.