Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını yandıraraq öldürməkdə təqsirləndirilən Abdurrəhman Həsənliyə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, hadisə Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib. Anası Gülbəs Həsənova oğluna gecələr evə gəlməməsi və işləməməsi ilə bağlı irad bildirib. Bundan sonra Abdurrəhman həyətdən götürdüyü benzini evin döşəmə və divarlarına, eləcə də anasının üzərinə tökərək alışqanla yanğın törədib.
Nəticədə qadının bədəninin 60-65 faizi yanıb. O, xəstəxanada bir neçə gün sonra vəfat edib.
Mərhumun qızı məhkəmədə ifadəsində ailədə dini inanclar və təhsil məsələləri ilə bağlı mübahisələrin olduğunu, qardaşının narkotik vasitələrdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, atası qardaşını anasına qarşı doldurub və benzinin qadının üzərinə tökülməsini də istəyib. Qız bu iddialarla bağlı səs yazısının olduğunu da qeyd edib.
Gülbəs Həsənova sağlığında əvvəlcə yanğının ehtiyatsızlıqdan baş verdiyini desə də, sonradan ifadəsini dəyişərək hadisəni oğlunun törətdiyini bildirib.
Abdurrəhman Həsənli isə məhkəmədə özünü təqsirli bilmədiyini deyib. O, evdəki mübahisələri bitirmək məqsədilə evi yandırdığını, anasını yandırmaq niyyətinin olmadığını bildirib.
Mənbə: Xitab24.az