Sumqayıt Musiqi Kollecində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfərdən ilhamlanan qaliblər" adlı konsert proqramı keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub. Həmçinin "Payız əfsanələri" müsabiqəsinin qalibi olan tələbələrə, onların müəllimlərinə və konsertmeysterlərə təşəkkürnamələr təqdim edilib.
Konsert proqramında kollecin müəllim və tələbələrindən ibarət Orkestr və Xor kollektivləri, eləcə də solistlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini, milli musiqi nümunələrini və vətənpərvərlik ruhlu kompozisiyaları ifa ediblər.
Proqram Rauf Hacıyevin "Azərbaycan" əsərinin Nağara ansamblı, Xor və Orkestr kollektivlərinin birgə ifası ilə yekunlaşıb.