Sumqayıtın ictimai nəqliyyat parkının yenilənməsi ilə bağlı yayda açıqlanan plan qüvvədə qalır. Şəhərə gətirilməsi nəzərdə tutulan 60 elektrik avtobusunun hansı marşrutlarda istifadəyə veriləcəyi də məlum olub.
Xatırladaq ki, yay aylarında "Sumqayıt Nəqliyyat" MMC-nin Park rəisi Tofiq Saydumov ilin sonunadək şəhər sakinlərinin istifadəsinə 60 elektrik avtobusunun veriləcəyini açıqlayıb.
İlin başa çatmasına iki aydan az vaxt qaldığına görə planın icra vəziyyətini dəqiqləşdirmək üçün məsul qurumla əlaqə saxladıq. Qurumdan Sumqayit24.az-a 60 elektrik avtobusunun gətirilməsi planının qüvvədə olduğu bildirildi.
Sakinləri maraqlandıran əsas məsələlərdən biri də yeni avtobusların hansı marşrutlarda fəaliyyət göstərəcəyidir. Əldə etdiyimiz məlumata görə, yenilənmə 6, 10A və 33 saylı marşrutları əhatə edəcək.
Qeyd edək ki, yeni elektrik avtobuslarının istifadəyə verilməsi ilə sərnişinlərin daşınma şəraitinin yaxşılaşdırılması, ictimai nəqliyyatda komfortun artırılması və ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminə keçid hədəflənir.