2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.
• Ordumuz Ağdam və Ağdərə istiqamətlərində düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti də daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki "KamAZ" maşını, qoşqusunda top olan üç "Ural" maşını, eləcə də çoxlu sayda digər sursat və artilleriya qurğuları məhv edilib. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqelərini ataraq qaçıblar.
• Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən, Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur olub.
• Düşmənin minaatanlarının atəş nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.
• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin videogörüntülərini yayıb.
• Ermənistan ordusunun təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb. Həmçinin 3 064 ev, 100 yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• FHN-in yanğınsöndürmə qüvvələri işğaldan azad edilmiş ərazilərdə ilk yanğınsöndürmə əməliyyatını həyata keçirib.