Sumqayıt şəhər sakini Abşeron rayonunda qızına xəsarət yetirib.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Aydın (adlar şərtidir – red.) qızı Səidənin ona yeni ayaqqabı alması ilə bağlı irad bildirməsindən sonra yaranan ailə münaqişəsi zamanı ona xəsarət yetirib.
Belə ki, o, mübahisə zamanı qızının əllərini sıxıb, daha sonra onu itələyərək yerə yıxıb.
Aydın Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilib. O, məhkəmədə əməlini etiraf edib, qızı ilə barışdıqlarını bildirib.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, Bakı-Abşeron istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və əldə etdiyi gəlirlə ailəsini dolandırır.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Aydına 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Hökmə əsasən, həmin müddətdə ona hər gün saat 22:00-dan 05:00-dək yaşayış yerini tərk etmək, Bakı və Abşeron rayonu ərazisindən çıxmaq qadağan edilib. Həmçinin onun üzərinə elektron nəzarət vasitəsini daşımaq, yaşayış yerini məhkəmə qərarı olmadan dəyişməmək və iş yerinin dəyişməsi barədə nəzarət orqanına əvvəlcədən məlumat vermək öhdəlikləri qoyulub.
Mənbə: Demokrat.az