Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 1999-cu ilin yanvarında Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində başlayan M.Seyidov peşəkar karyerası ərzində Penitensiar xidmət sistemində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
Mirsaleh Seyidov Prezident İlham Əliyevin 10 iyul 2023-cü il tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub. O, 21 noyabr 2023-cü ildə dövlət başçısının digər sərəncamı ilə "ədliyyə general-mayoru" ali xüsusi rütbəsinə layiq görülüb.
Xidməti dövründə 2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
M.Seyidov ailəlidir, 2 övladı var.