Sumqayıt Dövlət Dram Teatrının kollektivi qastrola yollanıb. Sumqayıt24 bu haqda 14 iyul tarixində xəbər verir.
Onlar Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əziz Nesinin “Öldür məni, canciyər” komediyasını təqdim ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Firudin Məhərrəmovdur. Quruluşçu rəssam Nabat Səmədova, musiqi tərtibatçısı isə Anar Süleymanovdur. Rolları Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli canlandırıblar.
Tamaşadan sonra sənət ocaqlarının yaradıcı heyətləri görüşərək fikir mübadiləsi aparıblar.