1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda məşq keçirilib. Sumqayıt24 bu haqda 15 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Təlimdə baş həkim Təranə Mansurova və kollektiv iştirak ediblər. T. Mansurova şərti siqnalı verərək, 4 siqnal üzrə qurulan məşqə start verib.
- İlk siqnalda zəlzələ nəticəsində ASM-in binasında dağıntılar və tələfatın olduğu bildirilib. Həkim Kəbirə Həsənova xilasetmə və təxliyə işlərindən danışıb;
- İkinci siqnalda zəlzələnin təsirindən Etilen-polietilen zavodunda 5 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələrin baş verdiyi vurğulanıb. Həkim Gülşən Hüseynova qeyd edib ki, kimyəvi maddələrdən poliklinika şöbəsində zəhərlənənlər olub. Onlar ağır vəziyyətdə xəstəxanalara yerləşdiriliblər.
- Üçüncü siqnalda H.Z. Tağıyev qəsəbəsinin "Kosmonavtlar" yaşayış massivində guya malyariya infeksion xəstəliyinin yayılması aşkarlanıb. ASM-in şöbə müdiri Şəbnəm Səlimova təhlükəni aradan qaldırmaq üçün keçirilən tədbirlərdən bəhs edib.
- Sonuncu siqnalda isə mərkəzin ikinci mərtəbəsində elektrik xətlərində yaranmış qısaqapanmadan yanğın baş verdiyi bildirilib. Həkim Kəmalə Eyvazova hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələrinin gəldiyini diqqətə çatdırıb. Xəsarət alanlar və tüstüdən zəhərlənənlər isə xəstəxanalara yerləşdiriliblər.
Çıxış edən Mülki müdafiə qərargahının üzvləri hər bir halda həyata keçirilən təhlükəsizlik tədbirlərindən danışıblar.