Sumqayıtda mikrorayonlardan birində təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az-a bu barədə 5-ci mikrorayon, 24 saylı binanın sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, əvvəllər ehtiyat su quyusu kimi istifadə olunan, sonradan isə zibilxanaya çevrilən quyunun üzəri təhlükəsiz şəkildə bağlanmayıb.
"İllər əvvəl içi su ilə doldurulmuş ehtiyat su quyusu sonradan zibilxanaya çevrilib. Təxminən 3-4 il əvvəl quyunun ağzına iki ədəd taxta qapı atmışdılar. Onlar çürüdükdən sonra vəziyyət daha da təhlükəli olub. Məhəllədə işıqlandırma da yoxdur. Axşam vaxtı burada bədbəxt hadisə baş verə bilər", - deyə sakinlər narahatlıqlarını ifadə ediblər.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və quyunun təhlükəsiz şəkildə bağlanmasını xahiş edirlər.