Sumqayıt Dövlət Universitetində "Gender Əsaslı Zorakılıq" mövzusunda görüş keçirilib. Bu barədə 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən, USAID tərəfindən maliyyələşdirilən "Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək" layihəsi çərçivəsində təşkil olunub.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxışında layihənin əhəmiyyətindən danışıb. Qadınların hər zaman cəmiyyətimizdə və dövlət idarəçiliyində özlərinə məxsus xüsusi yerinin olduğunu bildirilib. Prorektor qadın zorakılığına qarşı mübarizə istiqamətində ardıcıl və məqsədyönlü işin aparıldığını, zəruri tədbirlərin görüldüyünü əlavə edib.
Qadın Resurs Mərkəzinin rəhbəri Günel Ələkbərova gender zəminində məişət zorakılığı hallarını aradan qaldırmaq üçün icmadaxili mexanizmlərə dəstək verməyin, onları gücləndirməyin, qadınların iqtisadi səlahiyyətlərini genişləndirməyin düzgün olduğunu deyib.
Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, Qadın Resurs Mərkəzinin psixoloqu İradə Hüseynova da mövzu ilə bağlı fikirlərini səsləndirib.
Görüşdə qadın zorakılığına qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirilib. İştirakçıların sualları cavablandırılıb.
Sonda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasında fəal iştirak edən tələbələrə sertifikatlar və hədiyyələr təqdim edilib.