Bəzən bir insanın uğur hekayəsi təkcə doğulduğu yerlə deyil, böyüdüyü, təhsil aldığı, formalaşdığı şəhərlə də bağlı olur. Niyaməddin Paşayevin həyat yolu da bunun gözəl nümunəsidir.
1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı kəndində dünyaya gələn Niyaməddin Paşayevin uşaqlığının bir hissəsi doğma yurdda keçib. 1993-cü ildə ailəsi ilə birlikdə Sumqayıta köçən gələcəyin dünya çempionu həyatının yeni mərhələsinə məhz bu şəhərdə başlayıb.
Sumqayıtda 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirən Niyaməddin burada həm böyüyüb, həm də idmançı kimi formalaşıb. Sonrakı təhsil yolunu isə Sumqayıt Dövlət Universitetində davam etdirib.
Onun böyük idmana gəlişi də Sumqayıtla bağlıdır. 1994-cü ildə taekvondo ilə məşğul olmağa başlayan Niyaməddin Ələkbər İmaməliyevin rəhbərliyi altında ilk addımlarını atıb. İlk məşqlərdən başlayan bu yol illər sonra Azərbaycan idman tarixinə yazılacaq uğurlara çevrilib.
İllərin zəhməti və əzmkarlığı öz bəhrəsini verdi. 2001-ci ildə Cənubi Koreyada keçirilən dünya çempionatında qızıl medal qazanan Niyaməddin Paşayev dünya çempionu tituluna yiyələndi. Bununla da o, müstəqil Azərbaycanın Olimpiya idman növləri üzrə ilk dünya çempionu kimi tarixə düşdü. İki il sonra, 2003-cü ildə dünya çempionatında bürünc medal qazanaraq beynəlxalq səviyyədə uğurlarını davam etdirdi. 2004-cü ildə Avropa çempionu olan idmançımız 2005-ci ildə bu titulunu qoruyaraq ikinci dəfə qitənin ən güclüsü olduğunu sübut etdi. O, 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında da Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırmışdı.
Bu gün Niyaməddin Paşayevin adı çəkiləndə təkcə dünya və Avropa çempionluğu yada düşmür. Onun hekayəsi həm də Sumqayıtda böyüyən bir gəncin böyük zəhmət hesabına dünya səviyyəsinə yüksəlməsinin nümunəsidir.
Qubadlı onun doğulduğu, Sumqayıt isə həyatının mühüm mərhələlərinin, təhsilinin və idman karyerasının formalaşdığı şəhərdir.
Niyaməddin Paşayev təkcə Azərbaycan idmanının deyil, Sumqayıtın da qürur duyduğu simalardandır!