Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Zərərli vərdişlərə yox deyək” adlı dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda 10 iyun tarixində xəbər verir.
Tədbir Heydər Əliyev Mərkəzi və Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Vəkillər Kollegiyasının üzvü, vəkil Günel Nəzərli, yazıçı Almaz Bəyazid, Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlar, onunla mübarizədə hüquq-mühafizə orqanları və cəmiyyətin birgə fəaliyyəti, bu bəladan əziyyət çəkənlərin xilası və digər mövzularda çıxış ediblər.
Sonra “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda videoçarx izlənilib. Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin, 17 və 26 nömrəli məktəblərin şagirdləri narkomaniyanın insan sağlamlığına mənfi təsirindən danışıblar. Həmçinin onun nəticələri və aradan qaldırılmasının psixoloji yolları haqqında fikir mübadiləsi aparılıb.