Sumqayıtda kütləvi zəhərlənmə olub. Sumqayıt24 bu haqda 11 iyul tarixində xəbər verir.
Hadisə dünən baş verib. Daxil olan məlumata görə, "SOCAR Polymer" zavodunun işçiləri qida zəhərlənməsi ilə bağlı xəstəxanaya müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, 53 əməkdaş nahar vaxtı zavodun yeməkxanasında yedikləri qidalardan zəhərlənib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları həmin qidalardan nümunələr götürüblər. Müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Stasionar tibbi yardımdan sonra zərərçəkmişlər evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.