Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.
Report.az-ın məlumatına görə, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.
R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.
Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Rəhman Şahhüseynli uzun illər Sumqayıtda yaşayıb. O, Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli məktəbi bitirib.
R. Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.