Qırmızı rəngli köhnə avtomobili ilə sosial şəbəkələrdə gündəm olan şəxs Ceyranbatan qəsəbə sakinidir. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Türkiyəyə yardım kampaniyasına qoşulan “VAZ-2107” markalı avtomobilin sahibi 34 yaşlı Sərvər Bəşirlidir. O, Laçın rayonunun Minkənd kəndindəndir. Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır.
S. Bəşirli bu yardımı özünə borc bildiyindən və türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb:
“Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıblar. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”.