Bu gün Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin mövlud günüdür.
Mehrab Söhrab oğlu Niftəliyev mayın 13-ü 1985-ci ildə anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, eyni zamanda bir neçə texnikasını məhv edib. Gərgin keçən savaşların birində yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən ön cəbhəyə yollanıb. Şuşanın alınması əməliyyatında xüsusi şücaətlə döyüşmüş Mehrab noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə şəhidə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Niftəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi. Üç övladı Vətənə əmanət qalıb.