Sumqayıt sakinləri arasında ən tanınmış yaşayış binalarından biri “Əyri dom”-dur. Sözügedən bina xüsusi layihə əsasında 45-ci məhəllə ərazisində tikilib.
Bu ad ona, bir vaxtlar yarım metr əyildiyi üçün verilib. Hətta bu səbəbdən binanın hasara alınaraq uçurulması planlaşdırılırdı. Lakin sonradan Sankt-Peterburqdan durumu düzəltmək üçün mütəxəssislər dəvət olunub və problemin həlli yolu kimi binanın altına beton tökmək qərara alınıb. Amma buna baxmayaraq, əyrilik düzəlməyib.
Sonradan həmin mütəxəssislər şəhər rəhbərliyini binanın heç vaxt çökməyəcəyinə inandırıb və haqlı çıxıblar. Üstündən onilliklər keçməsinə baxmayaraq, “Əyri dom” hazırda Sumqayıtın ən görkəmli, otaqlarının genişliyi ilə seçilən binalarından sayılır.