top
Peşəkar futbolçu - Valideynlərim istəyiblər ki, uşaqları məhz Sumqayıtda dünyaya gəlsin
Müsahi̇bə
10 noyabr 2025, 17:30
- +

Peşəkar futbolçu - "Valideynlərim istəyiblər ki, uşaqları məhz Sumqayıtda dünyaya gəlsin"

Peşəkar futbolçu Vüqar Əsgərov Sumqayıt şəhərində doğulub. O, uşaqlıqdan Latviyada böyüyüb və idman karyerasının böyük hissəsini orada keçirib.

2011-ci ildə Azərbaycan millisinin seçim təlim-məşq toplanışında iştirak edib və sonrakı illərdə dəfələrlə yığmaya çağırılıb. Əsgərov ölkədə "Sumqayıt", "Araz-Naxçıvan" və "Zirə" klublarında çıxış edib. Lakin doğma ölkədə karyerası uğurlu alınmadığından yenidən Latviyaya qayıdıb və orada oyunçu kimi fəaliyyətini davam etdirib.

Artıq təxminən beş ildir ki, o, peşəkar futboldan uzaqlaşıb və bütün diqqətini ailəsinə yönəldib.

Vüqar Əsgərov İdman.Biz-lə söhbətində Azərbaycan futbolunda keçirdiyi illəri xatırlayıb və Latviyadakı həyatından danışıb.

- Latviyaya necə gəldiniz?

- Uşaqlıqdan Latviyada yaşayıram. Atam hələ Sovet dövründə bura köçüb. Mən isə Azərbaycanda - Sumqayıtda doğulmuşam. Valideynlərim istəyiblər ki, uşaqları məhz Sumqayıtda dünyaya gəlsin. Onlar "Nasosnı"da (Hacı Zeynalabdin qəsəbəsi - red) böyüyüblər. Mən bir yaşım olanda ailəmizlə birlikdə Latviyaya köçdük və orada qaldıq. Amma anamla atam pensiyaya çıxandan sonra yenidən Azərbaycana qayıdıblar.

Beləliklə, futbolla Latviyada məşğul olmağa başladım. Düz yadımdadırsa, o vaxt təxminən doqquz yaşım var idi. Liepaya şəhərinin "Metallurq" klubunun uşaq məktəbində məşq edirdim.

- Ailənizdə futbolla məşğul olan olubmu?

- Atam əlbəttə, dostları ilə bir yerdə, "Nasosnı"da və ya Sumqayıtda hobbisi kimi futbol oynayırdı. Amma ailəmizdə peşəkar futbolçu olan ilk şəxs mənəm.

- Azərbaycan futboluna necə yolunuz düşdü?

- Məni seçim toplanışına dəvət etdilər və orada yaxşı təsir bağışladım. Xatırlayıram, bir yoxlama oyununda qol da vurmuşdum. Bundan sonra əsas milli komandaya çağırıldım. Yığmada sonuncu oyunum 2013-cü ildə olub, yadımdadır, rəqib Malta idi. O görüşdə 15 dəqiqə meydanda oldum.

Azərbaycan çempionatında da oynamışam. 2013-cü ildə mənim çıxış etdiyim Liepaya "Metallurq" klubu maliyyə problemləri yaşayırdı və iflasın astanasında idi. O vaxt Azərbaycanlı menecer mənimlə əlaqə saxladı və "Sumqayıt"a keçməyi təklif etdi. Təxminən dörd ay orada oynadım. Sonra "Araz-Naxçıvan" və "Zirə" klublarının da heyətində çıxış etdim. Sonda yenidən Latviyaya qayıtdım.

- Azərbaycanda karyeranız niyə alınmadı?

- Açığı, orada oynamaq mənim üçün çətin idi. Futbolun səviyyəsi yüksək idi, klubların maliyyə imkanları yaxşı, legionerlər isə çox güclü idi. Millidə də hücumçular o vaxt mənim üçün ciddi rəqiblər idi. Amma Latviyaya qayıdandan sonra mövsümün ən yaxşı futbolçusu seçildim. Bu fakt Azərbaycan və Latviya futbolu arasındakı fərqi açıq şəkildə göstərir.

Amma taleyə minnətdaram ki, Azərbaycan millisinin formasını geyinmək qismətim oldu. Bu, böyük şərəf idi. O dövrü həmişə xoş xatirələrlə yada salıram. Üstəlik, mən yığmaya əfsanəvi Berti Foqtsun baş məşqçi olduğu vaxt düşmüşdüm. Onu ilk dəfə görəndə belə mütəxəssislə eyni məkanda olmağıma inana bilmirdim. Millidə çox oyun keçirməsəm də, vətən uğrunda meydana çıxmağın nə demək olduğunu hiss etdim və bununla qürur duyuram.

- Azərbaycan futbolunu izləyirsiniz?

- Bəli! Evdə bütün Azərbaycan kanallarım var, ona görə də klublarımızın oyunlarını izləyirəm. Görünür, çox şey dəyişib: meydanlar, infrastruktur yaxşılaşıb, yeni stadionlar tikilir, gənclər fəal inkişaf edir. Arzulayıram ki, bu inkişaf davam etsin.

Klublar arasında ilk növbədə "Qarabağ"ı izləyirəm, xüsusən də onların Çempionlar Liqasındakı oyunlarını. "Sabah"ı da dəstəkləyirəm. Baş məşqçiləri – litvalı Valdas Dambrauskasla tanışam. O vaxt Latviya "RFA" klubunun başında idi, mən isə onun komandasına qol vurmuşdum.

- Təxminən beş il əvvəl karyeranızı bitirdiniz. Futbolu tərk etmək çətin olmadı?

- Xeyr, buna hazır idim. Gənc, iddialı futbolçular meydana çıxanda rəqabət səviyyəsi dəyişir. Amma etiraf edim ki, hələ 35 yaşımda olarkən də Latviya çempionatında ayın ən yaxşı futbolçusu seçilirdim. "Dauqavpils"də keçirdiyim son üç ili (2018–2020) karyeramın ən parlaq dövrü sayıram. Amma illər keçdikcə oynamaq çətinləşirdi. Başa düşürdüm ki, bu işi nə vaxtsa bitirmək lazım olacaq. Pandemiya başlayanda hər şey öz-özünə uyğun şəkildə yekunlaşdı.

- Bu qədər il futbolda olmağınız indi həyatınıza təsir edibmi?

- Deyə bilmərəm. Heç bir xüsusi imtiyazım yoxdur. Əlbəttə, bəzən küçədə tanıyıb yaxınlaşanlar olur, bu, xoşdur. Amma artıq futbol həyatı yaşamıram. Düzünü desəm, stadiona da getmirəm. Sonuncu dəfə Azərbaycan millisi Latviyaya gələndə olmuşdum, vəssalam. Bəlkə də sadəcə, futboldan yorulmuşam. Məşqçi kimi işləmək də məni maraqlandırmır, baxmayaraq ki, C kateqoriyalı məşqçi lisenziyam var. Bəzən sadəcə həvəskar liqalarda zövq üçün oynayıram.

- Karyeranı bitirəndən sonra nə ilə məşğul oldunuz?

- Artıq özümü hazırlamışdım, ona görə də "indi nə edəcəyəm" kimi narahatlıq yaşamadım. Çoxdan özümə qəlyan barı açmaq ideyam var idi. Azərbaycanda belə məkanlar populyardır, düşündük ki, bənzərini burada da yaradaq. İndi Latviyanın bir çox şəhərlərində azərbaycanlılar bu tip yerlər açıblar.

Bundan əlavə, tam olaraq ailə həyatına yönəldim. Futbol oynayanda hər şey planlı olurdu: məşqlər, toplanışlar, oyunlar... Gənclikdə bu, zövqlüdür, amma yaş artdıqca çətinləşir. Bəzən öz-özümə düşünürdüm: "Bütün bunlar nə vaxt bitəcək?" Şəxsi həyata vaxt qalmırdı - hər şey futbol ətrafında fırlanırdı.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Karyeramın sonuna yaxınlaşdığım vaxt tanış olmuşuq. Təsadüfən, hansısa kafedə. Açığı, detalları çox xatırlamıram. Sadəcə söhbət etdik, sonra münasibət başladı. İndi isə ailəmiz var, qızımız böyüyür - tezliklə bir yaşı olacaq. Hər şey sakit və qaydasındadır. Əvvəllər həyat məşqlər və oyunlardan ibarət idi, indi isə iş və ailədir.

- Xanımınız latviyalımıdır?

- Bəli.

- Azərbaycanda olubmu?

- Əlbəttə. Hətta bu il ilk dəfə qayınanamı da apardım. May ayında Bakıda idik, o, çox bəyəndi. Ümumiyyətlə, kim Bakıya gəlirsə, hamı heyran qalır.

Mən özüm də ildə bir neçə dəfə vətənə gedirəm. Valideynlərim orada yaşayır və Azərbaycana olan sevgim heç vaxt sönmür. Azərbaycan, oranın yeməklər, insanlar, ab-hava. Düzü, mən istirahət üçün Dubaya və ya Parisə deyil, Bakıya getməyi üstün tuturam. Mənim üçün dünyanın ən gözəl şəhəri Bakıdır. Azərbaycanda hər şey başqadır - təbiət, meyvələr. Amma Latviya da mənim ikinci vətənimdir, sevdiyim, böyüdüyüm və futbol həyatımın keçdiyi ölkədir.

- Sonda: özünüzü daha çox azərbaycanlı, yoxsa latviyalı hiss edirsiniz?

- Qəti şəkildə azərbaycanlı. Amma təbii ki, Latviya da mənə təsir edib. Desəm ki, "mən avropalı azərbaycanlıyam", səhv olmaz (gülür).

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər