“Sumqayıt” futbol klubunun oyunçusu Rəhim Sadıxov milli komandaya görə yaranmış fasiləni komandası üçün uğurlu hesab edib. Sumqayıt24 bu haqda Sportinfo.az-a istinadən xəbər verir.
25 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, milli yığmaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Sumqayıt” klubu çox yaxşı həftəlik məşq proqramı keçib: “Sevindirici məqam ondan ibarətdir ki, heyətimizdə zədəli və cəzalı futbolçu yoxdur. Hazırda baş məşqçimizin təyin etdiyi proqram əsasında bütün komanda olaraq növbəti Premyer liqa oyununa hazırlaşırıq".
Rəhim Sadıxov 2 aprel tarixində "Sabah"la baş tutacaq matç haqqında da danışıb. O, rəqibin heyətində çox yaxşı əcnəbi və yerli futbolçuların olduğunu bildirib: “Olduqca baxımlı futbol nümayiş etdirirlər. Amma buna baxmayaraq, var gücümüzlə hazırlaşırıq. Bu oyunda qələbə qazanıb uğursuzluq zolağından çıxmaq, azarkeşlərimizi sevindirmək istəyirik".