Sumqayıtlı boksçular ölkə birinciliyindən qələbə ilə dönüblər. Bu haqda bu gün, 17 fevral tarixində Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Yarış 11-16 fevral tarixlərində Bakı şəhərində, 2004-2005-ci il təvəllüdlü gənclər arasında keçirilib. Gərgin keçən mübarizədə şəhərimizi təmsil edən idmançılar Kənan Babayev (48 kq) və Kamil Babayev (54 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Onların komanda yoldaşları Elgün Babayev (51 kq), Nadir Məlikov (57 kq) və Elay Səmədov (86 kq) isə turnirin gümüş medalını qazanıblar.
Bundan əlavə, Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin məşqçi-müəllimi, boks üzrə şəhərin baş məşqçisi, Azərbaycanın Əməkdar məşqçisi Elbrus Rzayev yarışın ən yaxşı məşqçisi, məktəbin digər məşqçi-müəllimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Anar Nağdıyev isə yarışın ən yaxşı hakimi seçilib.
Qeyd edək ki, birincilikdə 50 komandadan 176-dan çox boksçu mübarizə aparmışdır.