Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Bu günün tarixi 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda fasiləsiz davam edən etiraz aksiyası ilə bağlıdır. Etirazçılar Bakının indiki Azadlıq meydanında sovet hökumətinin Azərbaycana qarşı olan ikili siyasətinə qarşı mitinqlər keçirirdilər. Etirazlar zamanı həmin meydanda ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəmə gətirilib.
Hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etsələr də, xalq meydanı tərk etmirdi. Lakin dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
1988-ci ildə başlanan ümumxalq etirazları ölkəmizin müstəqillik qazanmasına gətirib çıxardı. 1992-ci ildən etibarən 17 Noyabr – Milli Dirçəliş Günü elan edilib.