top
Mister Bin mənim 2 obrazımı oynaya bilməz - MÜSAHİBƏ
Dünən, 16:20
- +

"Mister Bin" mənim 2 obrazımı oynaya bilməz" - MÜSAHİBƏ

Əməkdar artist Coşqun Rəhimov 1972-ci ilin 8 dekabrında Sumqayıt şəhərində dünyaya göz açıb. Mədəniyyət və İncəsənət Universitetinin dram ixtisasını bitirsə də, komediya aktyoru kimi məşhurlaşıb.

1999-cu ildə o və həmkarı Rafael İsgəndərov rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə "Bu şəhərdə" layihəsini yaradıb. Aktyor "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gəlinlər", "Bomba", "Məhəllə", "Məşədi İbad-94", "Tam məxfi" filmlərinə çəkilib. 

​Uzun illərdir "Bu şəhərdə" teatrının aktyoru kimi fəaliyyət göstərən gülüş ustası Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- "Bu şəhərdə" layihəsinin uğur sirrini üç sözlə desəniz, bunlar nə olardı?

- Anlamaq, anlamaq, anlamaq.

- Olubmu ki, parodiya etdiyiniz şəxs sizə sərt reaksiya versin? Söhbət tək emosional reaksiyadan yox, digər hallardan da gedir: məhkəməyə vermək, münasibətlərin pozulması və s.

- Xeyr, elə bir hal olmayıb. Karyeram boyu cəmi bir dəfə Orxan Fikrətoğlu xahiş etmişdi və biz də onu anlayışla qarşıladıq. Biz parodiya etdiyimiz şəxsləri dostluq şarjı kimi edirik. Həmin obrazları tanınmış sima olaraq, dostcasına təhlil edirik. Kiminsə qaranlıq, qəbahətli tərəflərini araşdırıb üzə çıxarmaq məqsədimiz yoxdur. Yəni, nəzərdə tutduğunuz ciddi səviyyədə çəkişmə ola bilməz, çünki biz təhqir yox, təqlid edirik. Özümüzə düşmən qazanmaq istəmirik. 

- Belə iddialar var ki, "Bu şəhərdə" layihəsi artıq gülməli deyil. Layihənin vida konserti ola bilərmi? Yeni formata keçmək kimi bir planınız varmı? Ya tamamilə başqa layihə ola bilərmi?

- Belə iddialardan xəbərim var. Bilirsiniz necədir, yeni layihəni, yeni nəfəsi gənclər gətirsin. Biz isə klassik zamanla klassik estradanı sintez şəraitində saxlamaq niyyətindəyik. Estrada janrı çoxcəhətlidir. Burada həm teatr var, həm musiqi var, həm də obraz müxtəlifliyi, oyun rəqsləri və s. Bizdən yenilik istəyənlərin məqsədini anlamıram. Estrada janrında yeni nə etmək olar ki?

Parodiyamız yerində, sosial problemlərə, aktual mövzulara reaksiyamız yerində, ənənəvi ailə münasibətləri, o da yerində. Bəyənməyənlər bir dəfə bizimlə əlaqəyə keçsin, konkret istəklərini bildirsinlər. Söyüş söyək, qurşaqdan aşağı düşək, yoxsa təhqir edək? Əsla, buna getmərik!

Bizim tamaşaçımız ailədir. İstənilən kəs anasını, həyat yoldaşını, bacısını bizim tamaşamıza qoyub işinin dalınca gedə bilər.

- Tamaşaçı güləndə siz səhnədə nə hiss edirsiniz: rahatlıq, qələbə, yoxsa daha böyük məsuliyyət?

- Tamaşaçını güldürmək bilirsiniz, necə çətindir? Ssenari yazılanda, obrazlar düşünüləndə nə qədər əziyyət çəkirik. Gülüş prizmasından yanaşsaq da, problemlər üzərində işləyirik, bu problemlər bizim üçün daxilən çox ağırdır. Fərdlərin həyatındakı çətinliklər kimi, biz də bu çətinlikləri öz içimizdə hiss edirik.

Bizim işimiz mesaj verməkdir. Biz sirkdə oynamırıq ki, gülmək xatirinə güldürək, haramızısa şişirdək, haramızısa böyüdək. Düzdür, satira şarjı sevir, amma dəqiq və yerində olanda.

- Bəzi tənqidçilər deyirlər ki, "Bu şəhərdə" uzun illərdir eyni çərçivədən kənara çıxa, yumoru dəyişə bilmir: elə ancaq qadın rolları nümayiş etdirir. Bu barədə nə deyə bilərsiniz?

- Biz qadın rollarında çalışırıq ki, təpədən dırnağadək rolda olaq. Bu bizim üçün uğurdur. Deməli, məhz, qadın rolunu yüksək səviyyədə yaradırıq. Hətta bəzi aktrisalar bizə deyir ki, səhnədə qadın olaraq sizin qədər oynaya bilmirik. Bilirsiniz, bəlkə də bu obrazı dəqiqliklə oynadığımıza görə tamaşaçının gözündə iri plandayıq. Amma kişi rollarımız da kifayət qədərdir.

- Ən çətin oynadığınız obraz hansıdır?

- İndi mənim o yaşım deyil ki, hansısa səhnəyə çətin deyim. Artıq peşəkarlıq mərhələsindəyəm. Beyin kompüterləşib. Hansı obrazı necə oynamaq lazımdır, bir-birindən fərqləndirmək üçün nə etmək lazımdırsa, avtomatik icra edilir. Çətinliyə qalsa, hamısı məsuliyyətlidir, hamısı bəyənilməlidir.

- Tamaşa zamanı sizi güldürən və səhnədə özünüzü saxlamaqda çətinlik çəkdiyiniz anlar olubmu?

  - Çox olub, çox. Nə yaxşı ki, bizim janr və tamaşaçı bunu qəbul edir.

Aktyorun öz təbii gülüşü tamaşaçıda qəbul ediləndir.

- Yəqin ki, sizin komandada da yaradıcılıq mübahisələri olur. Son qərarı kim verir?

- Ortaq məxrəc. Üçümüz də qərar veririk. Elə ona görə də komandayıq.

- "Bu şəhərdə" teatrının nə qədər işçisi var? Maaşdan narazılıq olur?

- Konsert zamanı 60-70 nəfər işçi olur. Layihənin davamlı işçiləri 12 nəfərdir. Maaşa görə, şükür Allaha, hələ üz çevirib gedən olmayıb.

Bu elə bir işdir ki, kollektiv zövq alır.

- Sizcə, bu gün Azərbaycan tamaşaçısı daha çox nəyə gülür - məişət problemlərinə, sosial tənqidə, yoxsa absurda?

- Bu yerdə bir qədər düzəliş edək. Tamaşaçı başqa, kütlə başqa. Nə yazıq ki, biz kütlənin fikrini çox zaman önə veririk. İzləyən hər bir kəsin simfonik səhnədən anlayışı olmaya bilər, o buna məcbur da deyil.

Nəyə güldüyünə gəlincə, mənə elə gəlir ki auditoriya hələ ki sosial-məişət problemlərinə daha çox gülür.

- "Parni iz Baku"nun aktyorları ilə münasibətləriniz davam edir?

- Birgə layihələrimiz olub vaxtilə, işləyib başa vurmuşuq. Amma bir-birimizlə daimi əməkdaş olmamışıq və ya birləşib teatr yaratmaq haqqında razılığımız olmayıb ki, daimi bir yerdə olaq. Münasibət deyəndə, indi qardaşın qardaşla münasibəti yoxdur, qalmışdı hansısa prodakşnın digər prodakşnla münasibəti olsun. Hərənin başı öz işinə qarışıb, hər kəsin işi avand olsun.

- Yumorun "qırmızı xətti" varmı? Hansı mövzular sizin üçün toxunulmazdır?

- Bayaq dediyim kimi, təhqir, söyüş, yerində olmayan zarafat.

Türk filmlərindən gələn dalğadır bu tərz. İllər öncə çəkilmiş türk filmlərinə, məsələn, "Şaban"  obrazına baxın. Orada da söyüş var. Amma bizim milli xüsusiyyətimiz başqadır.

- Coşqun Rəhimov səhnədə və həyatda nə dərəcədə fərqlidir?

- Səhnədəki səhnədə qalır. Həyatdakı Coşqun öz qayğıları ilə yaşayan insandır. Dükan-bazar, nəvələri məktəbə apar, qaytar, iş-güc...

- Əgər aktyor olmasaydınız, hansı peşəni seçərdiniz?

- Uşaqlıqdan bu işdəyəm. İncəsənətin bütün qolları mənə doğmadır. Musiqi savadım var, "Bu şəhərdə" layihəsində əksər eskizləri özüm verirəm.

Obraz onda yaranır ki, aktyor özü özünü yarada bilir, öz heykəltaraşı olur.

- Bu günə qədər hansısa obrazı oynadığınıza, ya da kimisə parodiya etdiyinizə görə peşman olmusunuz?

- Könül Kərimova barədə bunu deyim. Onu parodiya edəndə çox ehtiyatla yanaşdı. Qorxurdu. Bu qorxu məndə baryer yaratdı.

- Xalq artisti olmaq gözləntiniz var?

- Yetişib, artıq vaxtıdır. Bu vaxta qədər bir çox işlər görmüşəm, bundan sonra da İnşallah, görəcəyəm.

- Komediyalarımızdakı dəyişiklik barədə soruşmaq istərdik: indi və 90-cı illər. Nə deyə bilərsiniz? Azərbaycan komediyasının bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?

- Müasir komediyanın əleyhinə deyiləm. Çoxlu qruplar olsun, amma səmimiyyəti itirməsinlər. Tamaşaçıda ikrah hissi yaratmasınlar.

Qeyd etdiyim kimi, söyüş daha çox daxili senzuradan, tərbiyədən, evdən gələn bir məsələdir.

Komediyanın komediya olması üçün qurşaqdan aşağıya eyham vurmaq şərt deyil. Biz Rafael ilə o qədər ər-arvad rolunu oynamışıq ki... Ailə münasibətlərinin saf tərəfini canlandırmışıq. Burada heç bir vulgar mövzuya eyham olmayıb, amma əsl komediya yaranıb.

- Tamaşaçı zövqü son 10 ildə necə dəyişib?

- Tamaşaçımız əvvəlki kimi yenə zövqlüdür. Yaxşının qədrini hər zaman bilir.

- Bəzi tamaşaçılar deyirlər ki, "Bu şəhərdə" teatrı artıq "Komedixana"ya uduzur. "Komedixana"nı özünüzə rəqib görürsünüz?

- Ümumiyyətlə, heç kimi rəqib görmürəm. Komedixanada uşaqlar çalışır, onların da öz tamaşaçısı var. Mən durub onlara müəllimlik edən, dərs verən deyiləm. Özümüzü onlarla müqayisə etmək istəmirəm. Janr olaraq, düşüncə olaraq başqayıq. Əlbəttə, onları müşahidə edirəm, bu öz yerində.

Hər iki layihə satiraya qulluq etsə də, pəncərələrimiz başqadır. Biz başımızı aşağı salıb işimizi görməyə çalışırıq.

Rəqib olmaq kollektivi məhv edir. Bu lazım deyil. İşin peşəkarısansa, məhsul təqdim et! Qoy, rəqibi sənə tamaşaçı seçsin, işinin öhdəsindən gələ bilməyən adam rəqib axtarır.

- Komediya aktyoru olmaq dramatik aktyor olmaqdan çətindir, yoxsa asan?

- Əlbəttə ki, komediya aktyorluğu daha çətindir. Hər iki istiqamətdə peşəkarlıq olmalıdır. Fərqlilik önəmlidir. Bir də görürsən, hansısa aktyor bütün rollarda həmin adamdır.

- Gənc komediyaçılarda çatışmayan əsas cəhət nədir?

- Gülmək xətrinə gülməli olmasınlar. Tələbələrim var. Onlara başa salıram ki, komediyanı nə qədər ciddi oynasan, o qədər gülməlidir. Obrazın içinə girmək lazımdır, səhnədə təlxəklik etmək yox. Səmimi olmaq lazımdır, satira bunu sevir.

- Rafael İsgəndərovla hansı məqamlarda düz gəlmirsiniz?

- Deməzdim ki, aramızda uyğunsuzluq var. Biz batareyanın "müsbəti" - "mənfisi" kimiyik. Zövqlərimiz, baxışımız başqadır, ona görə də bir yerdəyik.

Səhnədə isə bir-birimizi çox gözəl anlayırıq.

- Türkiyədə xərcəng xəstəliyindən əməliyyat olunmuşdunuz. İndi səhhətiniz necədir? İstəməzdik, belə sual olsun, amma indiki səhhətiniz bizə maraqlıdır.

- İlk dəfə 2010-cu ildə getdim. 2015-ci ildə təkrar əməliyyat olundum.

Hə mən də istəmirəm, bu barədə danışaq. Hər şey yaxşıdır, nəzarət altındayam.

- Tələbə hazırlayırsınız? Ödəniş nə qədərdir? Kimlərə güzəşt edirsiniz?

- Hazırda 2 qrupda cəmi 20 tələbəm var. Pul məsələsinə mən baxmıram, kursa dəvət olunmuşam.

- Həcc ziyarətinə getmisiniz. Görünür, İslam dininə çox bağlısınız. Oruc tutursunuz?

- Dərmanlarım çoxdur, oruc tuta bilmərəm.

İslam dininə çox bağlıyam. Bəli, bir dəfə Həcc ziyarətində oldum. İslamın şərti kimi icra etmək öz yerində, o möcüzəni görmək istəyirdim.

Yaxın ətrafdan mənə "Hacı" deyənlər var, amma özüm belə çağırılmağa təşəbbüs göstərmirəm.

- "Mister Bin" obrazını oynayan Roven Atkinson haqqında söylədikləriniz tənqid olundu. Deyirsiniz ki, o, aktyor deyil. Amma "Meqre" filmində ciddi rol oynayır axı.

- Mən onun ciddi rollarına da baxmışam, komediyasına da. Bu sözü elə-belə deməmişəm. Aktyor sənəti dolğun bir peşədir.

Aktyor əgər səhnə yaradırsa, o reallığa əsaslanmalıdır, onun isə düşdüyü situasiyalar fantaziya mühitidir, eyni zamanda mimikası dəyişilməzdir, eyni üz cizgiləri ilə bütün rollarında güldürür.

Bu, sadəcə olaraq, jurnalistlərə, izləyicilərə "yem" oldu. Kimin ürəyində nə var idisə, boşaltdı, sakitləşdi. Amma mən yenə öz sözümün üstündəyəm.

"Mister Bin"i oynayan gəlib mənim oynadığım 2 obrazı canlandırsın, bacararmı? Yox, əlbəttə ki.

- Bəzi şəxslər tanınan kimi biznesə keçid edirlər. Siz də nələrsə etmisiniz?

- Biznesə kim keçid edirsə, elə sənətə gəlməkdə məqsədi odur. Nə qədər imkanı, vaxtı varsa, aldatsın, pul qazansın. Mən biznesdən uzağam.

- Sosial şəbəkə hesablarınız var?

- Xeyr, amma yaxınlarda "instagram" açdım.

Kommentlərə gəlincə, baxmıram, amma şəxsimə yazan mesajlardan görünür ki, izləyicilər haqqımda müsbət rəydədirlər.

- Səhnədəki Coşquna izləyici kimi baxırsınız?

- Tək olanda baxıram. Məqsədim səhvlərimi müşahidə edib düzəltməkdir.

- Sirr deyilsə, maddi qazancınız nələrdən formalaşır?

- Maddiyatdan danışanda özümü cılız hesab edirəm, bu suala cavab vermək istəmirəm. Əgər sənətimi sevirəmsə, vaxtımı, enerjimi bura sərf edirəmsə, təbii ki, nəsə qazanıram da, düzdürmü?

Heç kim acından ölmür.

- Bizdə siyasi parodiya niyə yoxdur?

- Biz konsertlərimizdə toxunuruq.

Bilirsiniz, bizdə vəzifə dəyişkənliyi o qədər sürətlə gedir ki, onları öyrənib parodiya etməyə vaxt çatmır.

- Gələcəkdə "Bu şəhərdə"ni hansı istiqamətdə görmək istərdiniz?

- "Bu şəhərdə"nin məhsulu kimi dramatik bir film çəkmək fikrimiz var. Artıq ssenari də yazılıb.

- Coşqun Rəhimovun ən böyük arzusu nədir?

- Qayğılarım çox olsun, amma həyatım problemsiz olsun.

- Mehriban Ələkbərzadənin sizin layihədə əməyi var. İndi əlaqə saxlayırsınız?

- "Space" kanalında işləyəndə o bizə qulaq asdı, bizi qəbul etdi. Pilot layihə olmasına baxmayaraq, efir verdi. Yeri gəlmişkən, layihəmizin adını da Mehriban Ələkbərzadə verib. Ad olaraq "Tezbazar", "Bu bizik" kimi təkliflər var idi, amma onun təklifi bəyənildi.

Uğur olsun ona, çox yaradıcı, mükəmməl insandır. İşlə əlaqədar uzaqlaşmışıq. Amma imkan düşdükcə   görüşürük, təşəkkürümüzü də bildiririk.

 



Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda quşlar tələf olur - AQTA hərəkətə keçdi

İdman
Dünən, 17:45

"Sumqayıt"ın sabiq futbolçusunun Azərbaycandan çıxışına "stop" qoyuldu

Cəmiyyət
Dünən, 17:01

Sumqayıtda partlamamış top mərmisi aşkarlanıb

Cəmiyyət
Dünən, 15:34

Sumqayıtda təhlükəyə çevrilən tibb müəssisəsi təmir "gözləyir"

Bütün xəbərlər
Dünən, 14:42

Sumqayıt ölkəni idxal asılığından QURTARIR

Cəmiyyət
Dünən, 14:01

Sumqayıtda sabah hava çiskinli olacaq

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda artıq məişət avadanlıqları da istehsal ediləcək

İdman
Dünən, 12:40

Azarkeşlər "Sumqayıt"ın oyununa "böyük maraq" göstəriblər

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda biabırçılıq - Sürücülər NARAZIDIR

Cəmiyyət
Dünən, 11:22

Sumqayıtda qəza şəraiti yaradan RİSKLİ YOL

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtlı məktəbli BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda bu qədər ailə dağılıb…

Cəmiyyət
Dünən, 09:35

Yeniyetmə qız "14 mərtəbə"dən yıxılıb ÖLDÜ

Cəmiyyət
Dünən, 09:14

Sumqayıtda partlayış səsləri eşidilə bilər - XƏBƏRDARLIQ

Bütün xəbərlər
21 fevral 2026, 18:00

Sumqayıtda bu məhsulun istehsalı azalıb

Bütün xəbərlər
21 fevral 2026, 17:00

Sumqayıtlı şagird beynəlxalq müsabiqədə MEDAL QAZANIB

İdman
21 fevral 2026, 16:00

Sumqayıtdan dünya şahmatının zirvəsinə - "Şah"ın hekayəsi

Bütün xəbərlər
21 fevral 2026, 15:00

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
21 fevral 2026, 14:00

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

Bütün xəbərlər
21 fevral 2026, 13:00

"Koti" kimi tanınan tiktoker SAXLANILDI

Bütün xəbərlər
21 fevral 2026, 12:00

Sumqayıt-Laçın avtobus reysi açılır - QİYMƏT

Bütün xəbərlər
21 fevral 2026, 11:10

Azərbaycanda minik avtomobili istehsalı 70%-dən çox artıb

Bütün xəbərlər
21 fevral 2026, 10:20

Sumqayıtda 126 min manat ödədilər, nə ev var, nə də pul

Oxşar xəbərlər