Sumqayıt təhsil ocağının məzunu Səbinə Feyzullayeva ölkə üzrə 2023-cü ilin tələbəsi seçilib. Sumqayıt24 bu haqda 5 iyul tarixində “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
Gənc xanım 4 yaşında səlis oxumağı və yazmağı bacarırdı, 5 yaşında isə artıq ingilis dilini öyrənməyə başlamışdı. O, 6 il öncə Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib.
Qəbul imtahanında Səbinə 690 bal toplayaraq Azərbaycan Tibb Universitetini (ATU) seçib və Prezident təqaüdçüsü olub. Təhsil aldığı 6 il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdçüsü statusunu özündə saxlayıb.
Qeyd edək ki, Səbinə Feyzullayeva bu il 98,21 balla universiteti bitirib. O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.