Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri müsabiqənin qalibi olublar.
Sumqayit24.az xəbər verir ki, Kazan Dövlət Energetika Universiteti tərəfindən keçirilən "Bəşəriyyətin qlobal problemləri: insan, təbiət, texnologiya" mövzusunda III Beynəlxalq Esse müsabiqəsinin nəticələri açıqlanıb.
İngilis, alman və fransız dillərində üç bölmə üzrə təşkil olunmuş və 61 beynəlxalq universitetdən ümumilikdə 612 iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı SDU-nun tələbələri təmsil ediblər.
Nəticədə Filologiya və Mühəndislik fakültələrində oxuyan 3 tələbəmiz qalib olub. Filologiya fakültəsinin tələbəsi Xumar Rzayeva I dərəcəli, Mühəndislik fakültəsinin tələbələri Orxan Əhədzadə və Fuad Tərlanzadə isə II və III dərəcəli diplomlara layiq görülüblər.
Qeyd edək ki, tələbələrin layihələri müxtəlif dillərə tərcümə edilərək müsabiqədə iştirakçı universitetlərə göndərilib.