Sumqayıt-Bakı sürət qatarında gediş haqqının “Mastercard” kartları ilə ödənilməsi dayandırılıb. Sumqayıt24 bu barədə 8 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.
ADY-nin Çağrı mərkəzindən faktı təsdiq ediblər və qeyd ediblər ki, “Mastercard” vasitəsilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir:
“Biz, ümumiyyətlə, “Apple Pay” və “Google Pay”ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyi tövsiyə edirik. Hazırda isə “Mastercard” kartları, “Apple Pay” və “Google Pay” cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır”.
“Mastercard” şirkətindən bildirilib ki, çətinliyin aradan qaldırılması üçün banklarla işlər aparılır.