Sumqayıtın Yaşıldərə yaşayış massivində avtomobil tunelinin çirkab suları altında qalması şəhər infrastrukturunun vəziyyəti ilə bağlı ciddi suallar yaradıb. Nasosların elektrik enerjisinin verilməsindəki fasilə səbəbindən dayanması nəticəsində tuneldə nəqliyyatın hərəkəti mümkün olmayıb. Hadisə bir daha göstərdi ki, belə qurğuların işləməsi yalnız elektrik enerjisindən asılı olmamalı, alternativ mexanizmlər də nəzərdə tutulmalıdır.
Lakin məsələ təkcə Yaşıldərə ilə bitmir. Sumqayıtda dəmir yolu xəttinin altından keçən digər avtomobil tunellərinin, körpülərin və yeraltı keçidlərin vəziyyəti də diqqətə alınmalıdır. Xüsusilə Sumqayıt-Saray istiqamətindəki körpü və şəhərin müxtəlif ərazilərində yerləşən keçidlərin texniki vəziyyəti, suötürücü sistemləri və drenaj qurğuları yoxlanılmalıdır.
Qarşıdan yağışlı hava şəraiti gəlir. Bəs aidiyyəti qurumlar bu obyektlərdə profilaktik yoxlamalar aparıbmı? Tunellərdəki nasoslar işlək vəziyyətdədirmi? Elektrik enerjisi kəsilərsə, alternativ enerji mənbələri varmı? Suötürücü kanallar və drenaj sistemləri təmizlənibmi?
Bu sualların cavabı yalnız növbəti hadisə baş verəndən sonra axtarılmamalıdır. Çünki bir tunelin su altında qalması nəqliyyatın hərəkətini iflic edə bilər, daha ciddi nasazlıq isə insanların həyatını təhlükəyə ata bilər.
Aidiyyəti qurumlar Sumqayıtdakı körpü və tunellərin texniki vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verməli, yoxlamaların nəticələrini açıqlamalıdır. Yağışdan sonra suyu çəkmək yox, yağış başlamazdan əvvəl mümkün təhlükələrin qarşısını almaq lazımdır.
Sumqayit24.az şəhərimizin yağışlı mövsümə hazırlıq vəziyyətini öyrənmək üçün İri Şəhərlərin Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb. Bildirilib ki, payız mövsümü ilə əlaqədar İri Şəhərlərin Su Təchizatının tabeli qurumları hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər.
"Rayon sukanal idarələri plana uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir.
Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub. Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində yağış sularının toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb.
Hazırda Dövlət Proqramı çərçivəsində müəyyən ərazilərdə tikinti-quruculuq işlərinə başlanılıb. Xüsusilə qeyd edək ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir.
Nəticə etibarilə, indiki halda həm mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır", - deyə açıqlamada qeyd olunub.