Bakı-Quba yolunda aparılan işlər zamanı Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində yerləşən obyektlərə ziyan dəyib. Bu haqda bu gün, 10 mart tarixində XəzərXəbər-ə istinadən xəbər veririk.
Obyekt sahibləri divarlarda iri çatların yarandığını iddia edir. Sahibkarlardan biri Niyaz Novruzbəyov deyir ki, buna səbəb texnikaların obyektlərin yaxınlığında işləməsidir.
İş icraçısı Əli İmranovun sözlərinə görə, yolların əsaslı təmiri və genişləndirilməsi zamanı belə hallar olur: “1-ci dərəcəli yol tikirik və biz mütləq yolu kipləşdirməliyik. Texnikanın işləməsi səbəbindən obyektlərdə titrəşmə ola bilər. Lakin bunun obyektlərə ciddi ziyanı yoxdur”.
Məsələyə Avtomobil Yolları Dövlət Agentliyinin mətbut xidmətinin rəhbəri Anar Nəcəfli də münasibət bildirib. O qeyd edib ki, dəymiş ziyanla bağlı quruma heç bir şikayət daxil olmayıb. Müraciət olunduğu halda məsələ araşdırılacaq.