Saray qəsəbəsinin X. Quliyev küçəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Sumqayıt24 bu barədə 5 yanvar tarixində xəbər verir.
Sözügedən küçədə kanalizasiya xəttinin olmaması səbəbindən həyətlərdə “şambo”lardan istifadə olunur. Sakinlər iddia edirlər ki, evlərin altına su dolduğundan divarlarda çatlar əmələ gəlir. Onlar məcbur qalıb armaturdan istifadə edirlər ki, evlər çökməsin. Şikayətçilər illərdir ki, bu vəziyyətə görə aidiyyəti qurumlara müraciət ediblər.
“Azərsu” ASC-dən XəzərXəbər-ə bildirilib ki, adıçəkilən küçənin məsələsi ilə bağlı məlumatları var, lakin həmin ərazidə kanalizasiya infrastrukturu yoxdur. Gələcəkdə burada mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması planlaşdırılır.