Xızıda şəhid qardaşı Saleh Qurbanovun arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun məhkəmə istintaqı başa çatıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər məhkəməsində keçirilib.
Məhkəmənin yekun qərarı ilə Taleh Qurbanov gəlini Ləman Qurbanovanı öldürməkdə təqsirli bilinib. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə ifadə verən Taleh Qurbanov özünü hadisə üzrə təqsirli bilib:
“Ləman Qurbanova mənim şəhid qardaşım Saleh Qurbanovun həyat yoldaşıdır. Onun “TikTok” sosial şəbəkəsindən istifadəsinə etiraz olaraq, telefonunu sındırdım. Bu səbəbdən məndən küsərək atası evinə getdi. 1 ay sonra evə qayıdanda ona qardaşımın ili çıxmadan getməyinin düzgün olmadığını bildirdim. Bunun qarşılığında mənə bildirdi ki, onu evə bağlayan heç nə yoxdur. Amma Ləmanı başa salmaq mümkün olmadığı üçün problem yaranırdı.
Mənimlə çox ağır danışır, söyüş söyürdü. Hətta bir dəfə “cəhənnəm olsun Taleh də, tikdiyiniz ev də” demişdi. Ləman “TikTok”da qardaşım Salehin şəkil və videolarını paylaşırdı. Onu öldürmək niyyətim yox idi, qardaşımı təhqir etdiyi üçün dözə bilmədim. Ləman “TikTok”da qardaşımın adına xələl gətirəcək heç nə etməyib.
Hadisə günü sağollaşmaq məqsədi ilə Ləmanın ayağa qalxmasını istədim və sonra boğdum. Hazırda əməlimdən peşmanam”.
Daha sonra zərərçəkmişin anası məhkəmədə ifadə verib:
“Ləman ata evinə gəldikdən sonra nələr çəkdiyini öyrəndik. O, vaxta kimi Salehi sevdiyi üçün sirlərini deyə bilmirdi. O, şəhid yoldaşının kartlarını özü ilə götürmüşdü. Buna görə 1 ay ərzində baldızı 50 dəfə mənə, Ləmana zəng edib, kartları onda qoymayacağını söyləyirdi.
Qayınatası iki gündən bir gəlib Ləmanı evə qaytarmağa çalışırdı. Taleh ona yaxşı gözlə baxmadığı üçün qızım ora getmək istəmirdi. Bayramda Taleh onu otağa salaraq, arvadı edəcəyini deyib. Bunu Ləman bizə söyləyib.
Xatırladaq ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.
Hadisə mayın 13-ü Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölümü ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Taleh Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
Fidan İlqar