Sumqayıt məktəblərinin birində istilik problemi var. Sumqayıt24 bu barədə 23 dekabr tarixində RealTV-yə istinadən xəbər verir.
Söhbət H.Z. Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli məktəbdən gedir. Təhsil ocağı iki korpusdan ibarətdir - yeni və köhnə. Valideynlərin sözlərinə görə, istilik problemi 1987-ci ildə tikilən köhnə korpusun yuxarı mərtəbələrindədir. Soyuq siniflərdə dərs keçən şagirdlər tez-tez xəstələnirlər.
“Problemin yaranma səbəbi yağış sularının zirzəmiyə dolmasıdır. Soyuq suyun içindən gedən boru nə istilik verə bilər?!”, - deyə onlar əlavə ediblər.
Məktəbin direktoru Pərvanə Ramazanova isə deyilənləri təkzib edib:
“Keçən həftənin sonunda borular dəyişdirilib. Bu həftənin bazar ertəsindən istiliklə bağlı heç bir problemimiz yoxdur”.
Abşeron−Xızı Təhsil İdarəsindən bildirilib ki, şikayətlər əsasında məsələ araşdırılacaq.