Sumqayıtda “Bəşəri ideyalar carçısı” adlı tədbir keçirilib. Bu barədə 25 oktyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
Mərkəzi Uşaq Kitabxanasında baş tutan tədbirdə 12 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri iştirak ediblər. Burada çıxış edən kitabxana mütəxəssisi Səbinə Qasımova böyük ədibin zəngin irsindən, XX əsr Azərbaycan ədəbiyyatına verdiyi qiymətli töhfələrdən, Cavid irsinin yaşadılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. İştirakçılar şairin həyat və bənzərsiz sənət nümunələrini özündə əks etdirən “Həqiqət şairi” adlı sərgi ilə tanış olublar. Tədbir məktəblilərin ifasında şairin şeirlərindən ibarət kompozisiya ilə davam edib. Sonda turançılıq və bəşəri ideyaların carçısı Hüseyn Cavidin ömür yolundan bəhs edən “Cavid ömrü” adlı filmdən kiçik kadrlar nümayiş etdirilib.