Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib. Bu barədə 26 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə millət vəkili Emin Hacıyev, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova və Sumqayıt Dövlət Universitetinin bir qup müəllim və sonuncu kurs tələbələri iştirak ediblər.
Əsas məqsəd tələbələri burada fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış etmək və gələcəkdə onların işlə təmin edilməsinə köməklik göstərmək olub.
İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən iştirakçılara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar barədə ətraflı məlumat verilib, təqdimat nümayiş olunub, suallar cavablandırılıb.
Peşə Təhsil Mərkəzində İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun xatirəsinə qoyulmuş stend ziyarət edilib, mərkəzdə yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. ilə tanış olunub.
Sonda tələbələr “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olublar. Onlara mütəxəssislər tərəfindən yeni texnologiyalarla qurulan istehsal sahələrinin iş prosesi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, növbəti aylarda Peşə Təhsili Müəssisələrinin tələbələrinin ekskursiyası nəzərdə tutulub.