Sumqayıt şəhəri 5-ci mikrorayon, 8/12 ünvanında yerləşən yataqxananın sakinləri binanın mövcud vəziyyətindən narazıdırlar.
Sumqayit24.az-a daxil olan müraciətdə bildirilir ki, yataqxanada uzun müddətdir həm kommunal, həm də texniki problemlər yaşanır. Sakinlərin sözlərinə görə, bina su ilə normal şəkildə təmin olunmur. Belə ki, günortalar su ümumiyyətlə verilmir, insanlar bəzi hallarda suyu saatlarla gözləməli olurlar.
Göndərilən fotolarda yataqxananın dəhliz və pilləkən hissələrinin baxımsız vəziyyətdə olduğu da görünür. Divar və tavanlarda ciddi aşınmalar, qopmuş suvaqlar, rütubət izləri və açıq elektrik naqilləri diqqət çəkir.
Sakinlər binanın uzun müddətdir əsaslı təmir olunmadığını və yataqxananın plana düşmədiyini deyirlər.
Onlar aidiyyəti qurumlardan yataqxananın vəziyyətinin araşdırılmasını, su probleminin həllini və binada təmir-bərpa işlərinin aparılmasını tələb edirlər.