1 nömrəli Xəstəxananın qeydiyyat şöbəsindəki növbə ilə bağlı açlqlama verilib. Sumqayıt24 bu haqda 4 may tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Sosial şəbəkə istifadəçisinin yaydığı foto və məlumatda deyilir ki, növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutublar:
“Foto 08:40-da çəkilib. “Mədə-bağırsaq həkiminin qəbuludur. Qeydiyyatdan deyilir ki, 20 nəfərdən artıq adam qəbul etmirik. Sumqayıtda yarım milyona yaxın əhali yaşayır, olmaz ki, 3 həkim qoyulsun? Mənim bağırsağımda qanaxma varsa və bu gün 20 nəfərin içində növbə tuta bilmədimsə, sabahkı növbəyə qədər daxili qanaxmadan ölsəm, nə olacaq? Bəlkə, özələ getməyə imkanım yoxdur?!”
Sumqayıt Tibb Mərkəzindən (STM) isə bildirilib ki, ambulator fəaliyyət göstərən həkimin iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamalıdır:
“Lakin endoskopiya qastroenteroloq - endoskopist tərəfindən həyata keçirildiyi üçün bu müayinə TƏBİB-nin tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsində də icra olunur. Endoskop insan orqanizminin boşluqlarının dəqiq, yüksək keyfiyyətli və çoxsaylı böyüdülməsi mümkün olan şəkillərinin əldə olunması imkanını yaradan müayinə metodudur və bu müayinə üçün orta hesabla 30 dəqiqə vaxt sərf edildiyindən və həkimin iş qrafikini nəzərə alsaq, tibbi xidmətin keyfiyyətinin yüksək olması və diaqnozun düzgün qoyulması məqsədilə həkim gün ərzində iş qrafikinə uyğun olaraq, maksimum sayda xəstə qəbul edə bilir”.
Həmçinin qeyd edilib ki, planlı xəstələr növbəlilik əsasında müayinə olunur: “Vətəndaşın sağlamlığına və həyatına təhlükə yarandığı hallarda (şiddətli ağrılar, qanaxmalar, yüksək hərarət, nəfəs darlığı və s) dərhal təxirəsalınmaz tibbi yardım xidməti üzrə xidmətlər göstərilir. Vətəndaş bu hallarda xəstəxanaların təcili yardım şöbələrinə müraciət etməlidir.
Təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi yardım tibbi göstərişə əsasən, dərhal göstərilir”.